2024: İqtisadi gözləntilər | TƏHLİL

      2024:    İqtisadi gözləntilər    | TƏHLİL
  20 Yanvar 2024    Oxunub:2020
Ölkəmiz idxaldan asılı vəziyyətdə olduğundan hər şey xarici təsirlərdən qaynaqlanır. 2021-2022-ci illərdəki inflyasiya və bahalaşma dalğası da məhz bu səbəbdən ortaya çıxmışdı. 2023-cü ilin yanvar-noyabr ayları ərzində istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,4%-ə (birrəqəmli həddə) ensə də, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə ikirəqəmli (10,4%) qalmaqda davam edirdi. Bu da bir daha onu göstərir ki, idxalın təsir və təzyiqi güclüdür.
Mərkəzi Bankın (AMB) 2024-cü ildə ölkədə illik inflyasiya gözləntisi 5-5,5% civarındadır. Bu barədə qurumun 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilib. Qeyd olunub ki, xarici amillərin səngiməsi və hökumətlə birlikdə həyata keçirilən antiinflyasiya tədbirləri ortamüddətli dövrdə nəzərdə tutulan hədəfin özünü doğruldacağına yardım edəcək.

Şəxsi yanaşmam bundan ibarətdir ki, nəinki 2024-cü il, hətta növbəti 2-3 il ərzində də inflyasiyanın səviyyəsini qlobal bazarlardakı vəziyyət müəyyən edəcək və qlobal məkanda ciddi siyasi-hərbi hadisə baş verməsə, yəni böhran yaranmasa, enerjidaşıyıcılarının qiymətlərində "vulkan püskürməsə", hər şey AMB-nin dediyi kimi olacaq. Əks halda, inflyasiyanın birrəqəmli, yoxsa ikirəqəmli olacağını söyləmək mümkün deyil.

Yeri gəlmişkən, burada hökumətin tənzimlənən qiymətlərə dair hansı siyasəti yürüdəcəyi də mühüm rol oynayacaq. İl ərzində tənzimlənən qiymətlər - benzin, enerji, su, qaz üzrə tarif dəyişikliyi olmasa, inflyasiya azalacaq.

Manatın məzənnəsində heç bir dəyişiklik olmayacaq. Neftin dünya bazar qiymətləri əlverişli olduğundan və 2024-də də əlverişli səviyyədə qalacağından milli pul vahidimiz əslində, möhkəmlənməyə meyillidir. Valyuta bazarındakı bu tarazlıq həm də inflyasiyanı cilovlamağa kömək edir.

Odur ki, AMB-nin və ümumən dövlətin xarici valyuta ehtiyatları ardıcıl artmaqda davam edir. Qurumun 10 milyard 615,9 milyon ABŞ dollarılıq ehtiyatı ilə birgə strateji valyuta ehtiyatlarımız 68,3 milyard ABŞ dollarına bərabərdir.


Bank sektoruna dair gözləntilərə gəldikdə isə, 2023-cü ildə AMB tərəfindən iki bankın lisenziyası geri alındıqdan sonra 23 bank fəaliyyət göstərir. 2024-də daha bir neçə bankın sıranı tərk edəcəyi istisna deyil. Düzdür, AMB-nin makroiqtisadi və maliyyə sabitliyini qoruyub saxlamaq siyasəti nəticəsində bankların kənar şoklara qarşı dayanıqlığı, həmçinin kapitallaşma və müvafiq risklər üzrə prudensial tələblər xeyli gücləndirilib, kredit portfeli müsbət dinamıka üzrə inkişaf etməkdə sayılır. Lakin kreditlər üzrə bank faizlərinin enəcəyi gözlənilmir. AMB-nin uçot dərəcəsini 2024-cü il ərzində ardıcıl olaraq aşağı salacağı gözlənilsə də bu, əvvəlkitək təsirsiz ötüşəcək. Çünki real sektorda risk yüksək, əmanət cəlbi isə qeyri-qənaətbəx səviyyədə qalır.

Ölkədə kommersiya banklarının təklif etdikləri kredit resursları üzrə faiz dərəcələrinin aşağı salınması, əlverişliliyin təmini ilk növbədə iqtisadiyyatın real sektorunda risklilik səviyyəsinin aradan götürülməsini tələb edir. Kreditlərin geri qaytarılması müddəti minimum təşkil etməli, ortada müvafiq sığorta komponentləri - mexanizmi mövcud olmalı və fəaliyyət göstərməlidir.

Yeri gəlmişkən, banklarımızın maliyyə imkanları, likvidliyiyi barədə həmişə hər şeyin yaxşı olduğunu deyirik. Əslində belə deyil. Təmərküzləşmə sektorda ciddi təhdid sayılır.

Əmanətlər üzrə gəlirlərə vergi güzəştləri differensiallaşdırılmış şəkildə olmaqla iki formadadır. Birincisi, fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətləri üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. İkincisi, fiziki şəxslərin hər bir bankda milli valyutada olan əmanətləri üzrə 18 ay və daha artıq müddətə yerləşdirilən, əmanət məbləği 18 aydan tez ödənilmədiyi zaman hesablanan faiz gəlirləri 3 il müddətinə tam olaraq vergidən azaddır. Bu güzəştlər il ərzində öz effektini göstərəcək.

2024-cü ildə ölkəmizdə sahibkarlığın inkişafı baxımından da böyük irəliləyişin əldə olunacağı gözləntisi var. Buna həm iqisadi və sosial xarakterli bir sıra vergi-gömrük güzəşt və azadolmalarının tədbiqi, həm sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin daha 1 il uzadılması, həm işğaldan azad olunmuş ərazilərdə onların fəaliyyəti üçün hər cür şəraitin yaradılması, həm də dövlətin maliyyə dəstəyi və digər amillər zəmin yaradır.

Yeni ildə ən çox inkişaf edəcək və gəlirlərin artacağı sahə turizm olacaq. Ölkəyə gələn turistlərin sayı ötən il 30% artıb. Turizm qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi olduğundan, onun inkişafı, genişlənməsi üçün vaxtilə çox böyük investisiyalar yatırılıb və infrastruktur qurulub, bir sıra tədbirlər həyata keçirilib. 2024-cü ildən xarici ölkə vətəndaşlarının işğaldan azad edilmiş ərazilərimizə də turist kimi səfər etmələri real olacaq.

Sözün qısası, 2024-də kənd təsərrüfatında 4,6%, tikintidə 3,4%, ticarətdə 3%, turizm sahəsində 15,8% , nəqliyyat sahəsində 4,5%, informasiya və rabitə sahəsində 9,5% artım olacaq. Bütövlükdə AMB-nin pul siyasətinə dair Bəyanatında bildirildiyi kimi ölkədə real iqtisadi artım tempinin 3-3,5%, o cümlədən, qeyri-neft-qaz sektorunda 5-5,5% civarında olacağı gözlənilir.

İl ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa-quruculuq işləri iqtisadi artım üçün müsbət impuls rolunda çıxış edəcək və ölkədə makroiqtisadi sabitlik bu sahədə əsas proqnoz göstəricilərin reallaşmasında mühüm şərtlərindən biri olaraq qalacaq.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: İqtisadiyyat  





Xəbər lenti